پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Kərbəla şəhərində 13-cü Şəhidlik Baharı Beynəlxalq Mədəniyyət Festivalı keçirildi

Kərbəla şəhərində 13-cü Şəhidlik Baharı Beynəlxalq Mədəniyyət Festivalı keçirildi


Aprelin 30-da İraqın Kərbəla şəhərindəki İmam Hüseynin (ə) mütəhhər hərəmində 13-cü Şəhidlik Baharı Beynəlxalq Mədəniyyət Festivalı keçirilib.

Alkafeel saytına istinadən dəyərlər saytı xəbər verir ki, "İmam Hüseyn (ə) - aramsız yağış və davam edən daşqın" mövzusunda keçirilən festivalda 35 ərəb, İslam və dünya ölkələrindən müxtəlif icmalar dəvət olunub.

Tədbirin açılışında İraqın daxilindən və xaricindən bir çox din, mədəniyyət, elm insanları ilə yanaşı, Nəcəfül Əşrəf və Kərbəla şəhərlərindəki pak ziyarətgahların qəyyumları, eləcə də İraq və İslam dünyasındakı müqəddəs ziyarətgahların nümayəndələri, yerli hökumət nümayəndələri, yerli və beynəlxalq medialar da iştirak edib.

Mərasim müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Daha sonra İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) pak hərəmlərinin qəyyumu Seyid Əhməd Əl-Safi və Şiə Fondunun rəhbəri Seyyid Ala Əl-Musəvi çıxış ediblər.

Vatikanın səfiri arxiyepiskop Alberto Orteqa Martin də mərasimdə çıxış edərək, Roma Papasının sülh və salamlarını mərasim iştirakçılarına çatdırıb.

Bundan sonra Əfqanıstan Nümayəndələr Palatasının üzvü Asiya qitəsindən iştirakçıları adından mərasimdə çıxış edib.

Sonra şair Məhəmməd Əl-Hirzi Əhli-Beytdən (ə), xüsusilə İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbas (ə) haqqında şeirlərini səsləndirib.

 

Afrika qitəsi adından isə Şeyx Şüeyb Kibi çıxış edərək, Əhli-Beytin (ə) ümmətə verdiyi bərəkətlərdən söhbət açıb.

Daha sonra mərasim iştirakçıları festivalın fəaliyyəti çərçivəsində keçirilən kitab yarmarkasının açılışında iştirak ediblər.