شنبه 1 اردیبهشت 1403

14 August 2023

Qardabanidə Hz. Əlinin (ə) əzəmətli mövlud mərasimi

Qardabanidə Hz. Əlinin (ə) əzəmətli mövlud mərasimi


İmamlar atası, Allahın yer üzərindəki vəlisi, Məhəmməd Peyğəmbərin (s) vəsisi Hz. Əlinin (ə) ad günü, Gürcüstanın bir çox yerlərində olduğu kimi, Qardabani şəhərində də, möhtəşəm şəkildə qeyd olundu.

Tədbir Gürcüstan Müsəlmanları İdarəsinin və "Əhli-beyt Hikməti" təşkilatının təşəbbüsü və bir neçə dini təşkilatların birgə təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirdə elm və ictimaiyyət xadimləri və regionlardan dəvət olunan din xadimləri və inanclı müsəlmanlar iştirak etdi.

Hacı Anar Bayramovun Quran tilavətindən sonar, tədbirin aparıcısı Pərviz Abdullayev, təbrik üçün sözü Hacı Namiq Hüseynova verdi. Sonra səhnəyə dəvət edilən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik etdi. O, Həzrət Əlinin (ə) əzəməti və ilahi rəhbərliyi haqda danışdı. Hz. Əlini (ə) sevib özünü onun ardıcılı hesab edən müsəlmanların ondan örnək almalarını, həyatları boyunca danışıq və davranışlarında Peyğəmbər (s) və pak Əhlibeytinin yolunu getməyin qurtuluş və səadəti üçün önəmli olduğunu bildirdi.
Sonra Almaniyada İmam Əli (ə) adına İslam Mərkəzinin sədri və Dusseldorf şəhərinin İmam Cüməsi Məhəmməd Mücahidi və Əl-Mustafa Elm Mərkəzinin sədri Davud Zare mərasim iştirakçılarını təbrik edərək, çıxışlarında Həzrətin həyatından örnəklər söyləyib, İmam Əlinin (ə) tarixdə əvəzsiz şəxsiyyət olduğuna və misilsiz xidmətlərinə işarə etdilər. Mərasimin xətibi Türkiyə Cəfərilərinin dini lideri Şeyx Səlahəddin Özgündüz Hz. İmam Əlinin (ə) elm və şücaətindən tarixi sitatlar gətirib, Həzrətin yüksək insani keyfiyyətlərindən, misilsiz örnək xüsusiyyətləri haqda mərasim iştirakçılarını məlumatlandırdı.

Mərasim gənc Gürcüstanlı məddah Səid Həsənin Hz. Əlinin (ə) şəninə oxuduğu şeir və ilahilərlə davam etdi. Sonda qonaqlar bayram süfrəsinə dəvət olundular.