سه شنبه 4 اردیبهشت 1403

14 August 2023

Məşhəddə sahibkarlara hotel tikmək üçün güzəştlər

Məşhəddə sahibkarlara hotel tikmək üçün güzəştlər


İranın Məşhəd şəhərində azərbaycanlı sahibkarlara hotel tikmək üçün güzəştlər təklif edilir.

 

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Məşhəd şəhər bələdiyyəsinin iqtisadi məsələlər üzrə müavini və investisiya və əməkdaşlıq departamentinin rəhbəri Məhəmmədrza Məzci deyib. O deyib ki, Məşhəd şəhərinin icra orqanı bu müqəddəs şəhərdə hotel tikmək istəyən azərbaycanlı iş adamlarına xüsusi güzəştlər təklif edir: “Onlara torpaq sahəsi ayrılacaq və tikinti üçün icazə veriləcək”.

 

M.Məzci deyib ki, azərbaycanlı iş adamları bu təklifdən yararlanaraq Azərbaycandan Məşhəd şəhərinə ziyarətə gələn zəvvarların rifahını təmin etmək və onlara xidmətin daha yüksək səviyyədə göstərilməsini təmin edə bilər: “Azərbaycanlı iş adamlarına torpaq sahəsinin ayrılması, tikinti icazəsi, Məşhəd şəhər icra hakimiyyətinin hotel tikintisi aparan iş adamları ilə şərik olması və digər bu kimi güzəştlər olacaq. Belə olduğu halda  tikinti aparmaq istəyən iş adamları yalnız tikintiyə vaxt ayıracaq. İcazə və torpaq üçün vaxt itirməyəcək.”

 

Bundan əlavə, azərbaycanlı sahibkarlar icra orqanı ilə şərik ola bilər və iş adamı icra orqanının payını istəsə, bu pay sonradan ona satıla bilər.

 

M.Məzci Naxçıvan-Məşhəd dəmir yolunun əhəmiyyətindən də danışıb. Onun fikrincə, dəmir yollarının birləşdirilməsi Azərbaycan və İranın xeyrinə olacaq: “Ötən illərin təcrübəsi göstərib ki, Məşhəddə davamlı və inkişaf etməkdə olan iqtisadi potensial var. Bu proses getdikcə artmaqdadır. Əlbəttə, Məşhəd şəhəri də bu əlaqələrdə mənfəət qazanacaq”.