شنبه 1 اردیبهشت 1403

14 August 2023

Kəmaluddin kitabı Azərbaycanda işıq üzü görüb

Kəmaluddin kitabı Azərbaycanda işıq üzü görüb


Şeyx Səduqun qələmə aldığı şərafətli "Kəmalud-din və təmamun-nemət" kitabı Azərbaycan xalqının ixtiyarına verilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə İslamazeri.az məlumat yayıb.

Məlumatına görə, kitabda İmam Mehdi(ə.f) ilə bağlı bütün mövzulara toxunulub. Kitabda qeyb dövründə şiələrin vəzifələrinin nədən ibarət olması da bəyan edilib. Çox təəssüflər olsun ki, kitabın tirajı cəmi 1000 ədəddir. Kitabı şəhərimizin dini dükanlarından əldə edə bilərsiniz.

"Kəmalud-din" kitabının layihəsinin rəhbəri Taleh Abbasov bildirib ki, " Mən deyərdim ki, bir ömür yaşayıb amma bu kitabı oxumamaq, çox böyük bir nemətdən məhrum olmaqdır. Bu kitab İmam Mehdi (ə) dostları üçün çox böyük bir töhfədir. Elə isə bu dəyərli əsəri oxumağa tələsin."

Kitabın müəllifi olan Şeyx Səduqun elmi və mənəvi əzəməti heç kimə qaranlıq deyil. Bir çox bioqraflar onun şəxsiyyəti haqqında kifayət qədər məlumat veriblər. O, bioqraflar tərəfindən rəisül mühəddisin (ravilərin öndəri), höccətülislam, imadüddin, Səduq, böyüklərin böyüyü, şiə ravilərinin ustadı, şəriət sütunlarından biri ləqəbləri ilə adlandırılıb. O, hər şeyə reallıqla baxan bir alim olub, ömrünü hədis toplamağa sərf edib, özündən sonra qiymətli əsərlər qoyub. Üstündən min il vaxtın keçməsinə baxmayaraq əsərləri indi də öz aktuallığını qoruyub saxlayıb. Müəllifi olduğu "Mən la yəhzuruhul-fəqih", "Mədinətul-elm", "Kəmalud-din və təmamun-nemət", "ət-Tövhid", "əl-Xisal", "Məanil-əxbar", "Üyuni əxbarir-Rza", "əl-Əmali", "əl-Hidayəti bil-Xeyr", "əl-Etiqadat", "Səvabul-amal və iqabul əmal", "əl-Muqniu fil-fiqh", "İləluş-şəraye", "Sifatuş-şiə və fəzailuş-şiə", "İsəbatun-nəssi ələl-əimmə", "əl-Qeybət", "Fəzailul-əşhuris-səlasə" əsərləri böyük alimlərin stolüstü kitablarındandır.

"Kəmalud-din və təmamun-nemət" əsəri Şeyx Səduqun həzrət Mehdinin (ə) qeybə çəkilməsi və zühur edəcəyi mövzusuna həsr edilmiş ən mötəbər və ən qədim hədis qaynaqlarından biri sayılır. Bu kitabda imam Zamanın (ə) qeybə çəkilməsi və zühuru ilə bağlı demək olar bütün məsələlər öz əksini tapıb, müxaliflərin suallarına cavab verilib. Şiələrin imam Zamanın (ə) qeybə çəkilməsi ilə bağlı çoxsaylı sualları, Qum şəhərinin sayılıb-seçilən din xadimlərinin israrı və ən əsası müəllifin yuxuda imam Zamanı (ə) görməsi və o həzrətin ona: "İndi isə bir kitab yaz və orada peyğəmbərlərin qeybə çəkilməsi məsələsinə toxun!"-deməsindən sonra "Kəmalud-din və təmamun nemət" əsərini ərəb dilində qələmə alıb. Kitabın adı "Maidə" surəsinin 3-cü ayəsindən götürülüb. Əbu Cəfər Məhəmməd ibn Əbdürrəhman ibn Qübbə Razinin (hicri 319-cu ildə vəfat edib) bəzi fikirlərinin, habelə imam Zaman (ə) tərəfindən yazılmış bəzi məktubların kitabda verilməsi bu əsərin əhəmiyyətini daha da artırır.

Adı çəkilən kitab müqəddimə və iki fəsildən ibarətdir. Burada 63 mövzuda 88 hədis ravisindən 621 hədis nəql edilib. Kitab 720 səhifədən ibarətdir.