جمعه 10 فروردین 1403

14 August 2023

"Bəylər" məscidində bərpa işlərinin çox hissəsi tamamlanıb

"Bəylər" məscidində bərpa işlərinin çox hissəsi tamamlanıb


Bu gün İçərişəhərdəki "Bəylər" məscidinin bərpa və konservasiya işlərindən sonra təqdimatı olub.

Burada "Müqəddəs əmanətlər" ekspozisiyası da fəaliyyət göstərəcək. "Bəylər" məscidində bərpa və konservasiya işləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəvət etdiyi avstriyalı məşhur bərpaçı ekspert Erix Pummer tərəfindən aparılıb. 2014-2015-ci illərdə görülən işlər zamanı məscidin bərpasında "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi" də iştirak edib, qapı və pəncərələri memarlıq elementləri ilə bəzəyib. Nəticədə təyinatına uyğun muzeyləşdirilən məsciddə "Müqəddəs əmanətlər" ekspozisiyası yaradılıb.

Ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim “Qurani-Kərim” kitabları nümayiş etdirilir. Burada 73 Quran, 7 dini kitab, 19 dini atribut - ümumilikdə, 99 eksponat nümayiş olunur. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və axund tərəfindən divara hörülərək qorunan Quran, eləcə də burada nümayiş etdirilən Quranın cüzləri ekspozisiyada diqqəti cəlb edən eksponatlardır. Azərbaycanın müxtəlif regionlarından toplanılan müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalar və şəxsi mülklərdən aşkar edilib.

Qeyd edək ki, bu məscid Sovetlər dönəmində restavrasiya mərkəzi kimi istifadə edilməyə başlamışdı və son restavrasiya işlərinə başlanana qədər elə bu qismdə də fəaliyyət göstərib, təyinatı üzrə istifadə olunmayıb. Xəbər ixtisarla APA-ya istinad edilir.