جمعه 10 فروردین 1403

14 August 2023

Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkətə başlayacağı tarix açıqlanıb

Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkətə başlayacağı tarix açıqlanıb


Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı təşkil edəcək

Bu il dekabrın 29-dan Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başlayacaq. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Maidəaz saytına bildirilib ki, sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) hərəkətdə olacaq.

Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb. Marşrut üzrə sərnişin biletlərini dekabrın 24-dən etibarən Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan və geriyə əldə etmək olar. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək.

Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı təşkil edir. Gediş haqqı tarifinə yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks-istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ilə İran arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanan Çərçivə Sazişində öz əksini tapıb.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.