شنبه 1 اردیبهشت 1403

14 August 2023

Mehran sərhəd-buraxılış məntəqəsi bağlanıb

Mehran sərhəd-buraxılış məntəqəsi bağlanıb


Mehran sərhəd-buraxılış məntəqəsində həddən artıq sıxlıq yarandığı üçün bağlanıb.  Bunu İranın Ərbəin ziyarəti üzrə Mərkəzi Qərargahın sədri Hüseyn Zülfüqari deyib. 

İranın İRİNN xəbər kanalı xəbər verir ki, H. Zülfüqari deyib ki, Mehran sərhəd-buraxılış məntəqəsində şərait nisbətən yaxşılaşdıqdan sonra KİV-lər vasitəsi ilə məlumat veriləcək ki, zəvvarlar bu sərhəddən gediş-gəliş edə bilsin. “Hazırda yalnız Mehran şəhərində olan zəvvarlar buraxılış məntəqəsindən keçə bilər.”

O deyib ki, Ərbəin ziyarətinə getmək istəyən zəvvarlar Çəzabə və Şələmçə sərhəd-buraxılış məntəqələrindən keçərək İraqa gedə bilər. “Mehran sərhədi istiqamətində hərəkətdə olan zəvvarlar Çəzabə və Şələmçəyə getsinlər. Mehranda 7-8 min nəfərə yaxın qanunsuz (viza almadan ) sərhədi keçmək istəyən zəvvar toplaşıb ki, bu da sərhəd-buraxılış məntəqəsində problemlər yaradıb”. 

H.Zülfüqari deyib ki, indiyədək viza ilə Mehran sərhəddindən keçmək üçün imkan mövcud idi, lakin son günlər Ərbəin yaxınlaşdıqca zəvvarların sayı ən yüksək həddə çatıb. 

O deyib ki, Şələmçə sərhəd-buraxılış məntəqəsi yalnız əcnəbi zəvvarlar üçün nəzərdə tutulub. “İndiyədək Şələmçə sərhəd-buraxılış məntəqəsindən 450 min nəfər İraq torpaqlarına keçib.”

Digər bir xəbərə görə, Mehran şəhəri istiqamətində avtomobillərin çoxluğuna görə 2-3 kilometrdən artıq tıxac yaranıb.  

Yol Polisi avtomobillərin Mehran şəhərinə girişini qadağan edib. Avtomobillər üçün şəhərdən kənarda xüsusi dayanacaqlar hazırlanıb. Xəbər maidəaza istinad edilir.