پنج شنبه 9 فروردین 1403

14 August 2023

Tbilisi şəhərində "Aşura Konfransı" keçirilib

Tbilisi şəhərində "Aşura Konfransı" keçirilib


Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Tiflis Aşura Konfransı" keçirilib. Tədbir Quran qarisi Kərbəlayi Vidadinin mübarək Qurani Kərimdən ayələri tilavət etməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan Dəyərlər Oxucular Klubunun moderatoru Rüfət Əliyev salamlayandan sonra sözü Hacı İlqar İbrahimoğluna verib.

Hacı İlqar tədbir iştirakçılarını salamlayaraq belə bir möhtəşəm tədbirin keçirilməsi münasibətilə hər kəsi təbrik edib və bu təşəbbüsün necə ərsəyə gəlməsindən danışıb Hacı İlqar çıxışında dünyada Aşuranın müxtəlif formalarda keçirilməsinin əhəmiyyətinə işarə edib. O, xüsusilə belə tədbirlər keçirilməsinin Aşuranın ictimai rəydə tanıtımında önəmli rol daşımasını vurğulayıb.

Daha sonra söz Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verilib. O da öz növbəsində qonaqları salamlayıb və Aşura məktəbinin tanıtdırılmasında mühüm olan məqamlara toxunub. Hacı Ramin xüsusilə Aşura mərasimlərinin ictimai rəydə tanıtdırılması və maarifçiliyində müasir üslub və vasitələrdən geniş istifadənin önəmindən danışıb.

Çıxış edən Dəyərlər Oxucular Klubunun moderatoru Nuran Mikayıloğlu "Dünyada Aşura" mövzusunda prezentasiya-təqdimatını tədbir iştirakçılarına çatdırıb. Çıxışçı üç istiqamət üzrə - Dünyada Məhərrəmliyə hazırlıqlar, Dünyada Aşuranın keçirilməsi və Dünyada Aşuranın keçirilməsinə törədilən maneələr istiqamətləri üzrə geniş çıxış edib.

Növbəti çıxışçı - Gənc Əhlibeytsevərlər Forumunun moderatoru Asif Əzizov dünyanın ən böyük ictimai mərəzlərindən olan İslamofobiya mövzusunda geniş prezentasiya təqdim edib. Asif Əzizov İslamofobiyanın yaranma tarixi və səbəblərindən danışıb, bununla mübarizə üsullarına vurğu edib. Digər çıxışçı, Dəyərlər Oxucular Klubunun moderatoru Mirəziz Seyidov “Əhli-beyt (ə) hərəmlərinə virtual səyahət adlı” geniş prezentasiya təqdim edib.

Yekunda Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin sədri Hacı Rasim Məmmədov, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Azərbaycandan Hacı İlqar İbrahimoğlu konfransın dəyərləndirməsini aparıb konfransın təşkilində zəhməti keçən təşkilat və şəxslərə minnətdarlıqlarını bildirib, dualar ediblər. Tədbir "Fərəc" duasının oxunması ilə yekunlaşıb.