İraqın Samirra şəhərində intiharçı terrorçunun özünü partlatması ilə terror aktı törədilib.
Deyerlerorg Presstv-yə istinadən xəbər verir ki, intihar hücumu noyabrın 6-da sübh radələrində Əsgəreyn İmamlarının (ə) hərəmlərinin yaxınlığındakı dayanacaqda bomba yerləşdirilmiş maşının partladılmasıyla törədilib. Partlayış nəticəsində ən azı 21 nəfərin həlak olduğu vurğulanır. İranın Həcc və Ziyarətlər təşkilatından verilən məlumata əsasən, həlak olan zəvvarlardan 10 nəfəri İran vətəndaşıdır.
Bu gün İraqın paytaxtı Bağdad və Tikrit şəhərində də terror aktları törədilib. Adının anonim saxlanılmasını istəyən mənbənin bildirdiyinə görə, Bağdadın Şeyx Omar məhəlləsinin yaxınlığındakı bazarın qarşısında törədilən terror hücumunda 3 nəfər həlak olub, 9 nəfər yaralanıb. Digər terror aktları Bağdadın Əl Obaydi, Əl Rəşid rayonlarında və paytaxtın 25 kilometr qərbindəki Əbu Qureyb şəhərində təşkil olunub. Həmin hücumlarda ən azı 7 nəfərin həlak olduğu, 28 nəfərin yaralandığı bildirilir.
Noyabrın 6 İraqın Tikrit şəhərinin cənub girişində də terror aktları baş verib. Nəzarət məntəqəsinin yaxınlığında təşkil olunan terror hücumunda 8 nəfərin həlak olduğu, 15 nəfərin yaralandığı vurğulanır.
Qeyd edək ki, İraq ordusu və könüllü xalq qüvvələrinin Mosulu azad etmək üçün başlatdığı əməliyyatlara cavab olaraq, İŞİD dinc sakinləri qətlə yetirmək üçün terror hücumlarını artırıb.
مطالب مشابه