Qətər Milli İnsan Hüquqları Komissiyasının (NHRC) qətərlilərin həcc ibadətini yerinə yetirəndə üzləşdikləri sıxıntıları BMT-də qaldırdığı bildirilib.
Anadolu-ya istinadən dəyərlər saytı xəbər verir ki, NHRC BMT-nin inanc və din azadlığı üzrə xüsusi məruzəçisi Heiner Bilefeldtə Qətərli zəvvarların həcc ibadətini yerinə yetirməkdə üzləşdikləri çətinliklərlə bağlı məktub göndərib və məktubda dini ritualların siyasiləşdirilərək, siyasi qazanclar əldə etmək məqsədilə istifadə edilməsindən narahatlığın yarandığı qeyd olunub.
Məktubda, həmçinin Qətər vətəndaşlarına ibadətlərini yerinə yetirəndə tətbiq edilən təzyiqlərin beynəlxalq konvensiyalara zidd olduğu qeyd olunub: "Səudiyyə Ərəbistanı qətərlilərə yalnız iki hava yolu marşrutu vasitəsilə ölkəyə daxil olmalarına icazə verdi. Bu qərar Qətərdən kənarda yaşayan qətərlilər üçün də qüvvədədir, onların da əvvəl Dohaya, daha sonra Səudiyyə Ərəbistanına daxil olaraq həcc ibadətini yerinə yetirməsi lazımdır".
Mesajda bu pozuntuların Ramazan ayında Qətərli ümrə zəvvarlarına qarşı pozuntuların davamı olduğu vurğulanıb.
Xatırladaq ki, Səudiyyə rejiminin Həcc və Ümrə Nazirliyi iyulun 20-də qətərli həcc və ümrə zəvvarlarının ölkəyə daxil olacaqlarını bildirmişdir, lakin yalnız təyyarə və Qətər Hava Yollarından başqa şirkətlərdən istifadə edilməsi qeyd etmişdir.