İranın Məşhəd şəhərində keçirilən 9-cu İslam ölkələri Radio və Televiziyaları konfransının bağlanış mərasimində, İmam Rza (ə) adına peyk kanalı Qüds Rəzəvi ostanının himayədarı höccətül-İslam Seyid İbrahim Rəisinin iştirak etdiyi mərasimlə rəsmən fəaliyyətə başlayıb.
Asdan News-a istinadən dəyərlər saytı xəbər verir ki, İmam Rza (ə) peyk kanalı İslam ölkələri media orqanlarının birlik və həmrəyliyi çərçivəsində və Qüds Rəsəvi ostanının dəstəyi ilə Nilsat peykindən yayıma başlayıb.
İmam Rza (ə) peyk kanalı 5 ay əvvəl sınaq yayımlarına başlamış və hər gün müqəddəs Qüds Rəzəvi ostanından canlı yayımlar təqdim edir. Bu kanal dünya miqyasından İmam Rzanın (ə) pak hərəmini ziyarət edən zəvvarların görüntülərini əks etdirir. İmam Rzanın (ə) şəxsiyyəti, kəraməti və məqamı haqqında xüsusi proqramların yayımlanması da peyk kanalının gündəmində yer alan digər proqramlardır.
İmam Rza (ə) peyk kanalı ərəb, fars və ingilis dilində olmaqla üç dildə Yaxın Şərq və Şimali Afrika ölkələrinə verilişlər hazırlayacaq. İrandan başqa dünya müsəlmanları, xüsusilə Bəhreyn, Livan, İraq, Suriya və digər İslam ölkələrinin insanları bu kanalın tamaşaçıları sayılır.