Gürcüstanın bir çox yerlərində Qədr gecələri mərasimləri keçirilib. Saat 24:00-dan başlayan mərasimlər imsaka qədər Quran tilavəti, Qədr gecələrində tövsiyə olunan dua, namaz və ibadətlərlə keçirilib. İmsaka yaxın mərasim iştirakçılarına imsak süfrəsi açılıb.
Bundan əlavə Ramazan ayında Gürcüstanın müxtəlif bölgələrində çoxsaylı İftar süfrələri açılıb.
Öz əzəməti ilə seçilən İftar məclislərində Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidov və idarənin əməkdaşları ilə birgə İcra hakimləri, qubernatorlar, bələdiyyə sədrləri, dini-ictimai xadimlər də iştirak edib. Məclislərdə Ramazan ayının əzəmətindən və fəlsəfəsindən söhbət açılıb, məşhur qarilər və azyaşlılardan ibarət Quran tilavəti qurupunun vasitəsilə Quran tilavət olunub, dini ilahilər səsləndirilib və dualar edilib.
Mərasimlər Tbilisi, Qardabani, Bolnisi, Dmanisi, Marneuli və sair məntəqələri əhatə edib. Qeyd edək ki, Ramazan ayının sonuna qədər Gürcüstanın bir çox rayon və kəndlərində belə süfrələrin təşkil olunması artıq neçə illərdir ki, adət halı almışdır.