ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

  ادعیه و زیارات


Əbu Həmzə Somali duasının tərcüməsi

چاپ
Əbu Həmzə Somali duasının tərcüməsi

 

Əhli-Beyt məktəbinin ən böyük şəxsiyyətlərindən olan Şeyx Tusi "Misbah” adlı dua kitabında Əbuhəmzə Sumalidən rəvayət etmişdir ki, İmam Zeynəlabidin (ə) ramazan ayının gecələrini ibadət etməklə keçirər və səhər vaxtı (gecənin axırıncı üçdə biri, yəni sübh namazına yaxın olan hissəsi) bu duanı oxuyardı. Əlbəttə, bu dua sadəcə ramazan ayının səhər vaxtlarına aid bir dua deyildir, insan Rəbbinə yalvarmaq istədiyi hər bir vaxt və hər bir məkanda məsum bir imamın söylədiyi bu sözlərlə Rəbbinə yalvara bilər.


 


Bismillahir Rəhmanir Rəhim
 


"İlahım! Məni cəzalandıraraq ədəbləndirmə, öz başıma buraxaraq məni toruna salma! Ey Rəbbim! Haradan bir xeyir umum? Halbuki Sənin nəzdindən başqa heç bir yerdən xeyir gəlməz. Necə nicat tapa bilərəm? Halbuki yalnız Sənin lütfünlə qurtuluşa çatmaq olar. Nə yaxşı əməl sahibi Sənin yardım və mərhəmətindən ehtiyacsızdır, nə də çirkin işlər görüb Sənə qarşı gələn və Sənin razılığını qazanmayan Sənin qüdrət və səltənətindən çıxa bilər. Ey Rəbbim! Ey Rəbbim! Ey Rəbbim! (Bu sözü nəfəsi kəsilənə qədər təkrarladı). Səni Səninlə tanıdım. Sən məni Özünə doğru yönəltdin, Öz qapına çağırdın. Əgər Sənin yardımın olmasaydı, Sənin kim olduğunu tanıya bilməzdim. Həmd olsun Allaha! Ona dua etdikdə duamı qəbul edən Allaha! Halbuki O məni çağırdıqda tənbəllik edirəm. Həmd olsun Allaha! İstədikdə verən Allaha! Halbuki məndən borc istəyəndə (yəni qullarına borc verməyimi istəyəndə) xəsislik edirəm. İstədiyim vaxt hacətim üçün çağırdığım, sirrimi bir vasitəçi olmadan açdığım və istəyimi verən Allaha həmd olsun! Ondan başqasını çağırmadığım Allaha həmd olsun! Əgər Ondan başqasını çağırsaydım belə mənim duamı qəbul edə bilməzdi. Ondan başqasına ümid etmədiyim Allaha həmd olsun! Əgər Ondan başqasına ümid bağlasam, ümidim boşa çıxar. İşlərimi Öz üzərinə alan, mənə kəramət bəxş edən və məni alçaltmasınlar deyə xalqın ixtiyarına buraxmayan Allaha həmd olsun! Mənə ehtiyacı olmadığı bir halda Özünü mənə dost edən Allaha həmd olsun! Sanki heç bir günah etməmişəm kimi mənə qarşı yumşaq davranan Allaha həmd olsun! Mənim yanımda həmdə ən çox layiq olan mənim Rəbbimdir və mən Ona həmd edirəm.
Allahım! Mən istəkləri Sənə doğru yönəltməyin yolunu açıq görürəm, Sənə doğru coşan ümid bulaqlarını dolu görürəm, Sənə ümid bəsləyənə yardımın lütfünlə hazırdır, Sənə dua edənlərin üzünə dua qapılarını açıq görürəm. Bilirəm ki, ümid edənlərin istəyini yerinə yetirən, pərişan olanların hallarını izləyən, həqiqətən də, Sənsən! Onu da bilirəm ki, Sənin kərəm və ehsanın üçün yalvarıb-yaxarmaq, qəza və qədərinə razılıq göstərmək xəsislərin davranışlarına qarşı mənə bir mükafatdır və dünyapərəstlərin əllərindəkindən ehtiyacsızlıqdır. Bilirəm ki, Sənə doğru hərəkət edənin məsafəsi yaxındır. Həqiqətən, qullarınla Öz aranda bir maneə qoymamısan (Səni bəsirət gözü ilə müşahidə edə bilərlər). Lakin çox təəssüflər olsun ki, insanların əməlləri onların qarşısında bir maneədir. Mən istədiyimi Sənin qapına gətirmişəm, istəyimi Sənə bildirirəm, Sənə sığınıram, duamı Sənə vasitəçi qərar verirəm, halbuki dualarımın qəbul olunmasına və əfvinə layiq deyiləm. Lakin mən Sənin kərəminə güvənir və vədinin doğruluğu ilə hüzur tapıram. Tövhidinə olan imanım Səndən başqa Rəbbim olmadığına dair yəqinlik və mərifətimlə Sənə doğru yönəlirəm. Səndən başqa İlah yoxdur, təksən və heç bir şərikin də yoxdur.
Allahım! "Allahın fəzilətindən istəyin. Allah sizə qarşı Rəhimdir!” – deyə buyuran Sənsən. Sözün haqq, vədin doğrudur! Ey Seyidim! Qullarına Səndən istəməyi əmr etdiyin halda onları bəxşişindən məhrum etmək Sənin sifətlərindən deyildir. Sən qullarına saysız-hesabsız bəxşişlər verənsən! Qullarına qarşı daima mehribansan!
İlahım! Uşaq ikən nemətlərinlə məni tərbiyə edən və böyüyəndə adımı ucaldan Sənsən! Ey dünyada məni ehsanı, fəziləti və nemətləri ilə tərbiyə edən və axirətdə Öz əfv və kərəminə ümidləndirən Rəbbim! Ey Mövlam! Məni Sənə doğru yönəldən Səni tanımağımdır, Sənə olan sevgim Sənin yanındakı şəfaətçimdir. Mən öz dəlilimin Sənə dəlalət etməsindən əminəm və öz şəfaətçimin Sənin yanındakı şəfaətindən rahatam.
Ey Seyidim! Günahının çoxluğundan danışa bilməyən bir dillə Səni çağırıram. Ey Rəbbim! Günaha görə həlakətə doğru yönələn bir qəlblə Sənə niyaz edirəm. Ey Rəbbim! Qorxu və ümid içində Səni çağırıram. Ey Mövlam! Günahlarıma baxdıqda dəhşətə qapılıram, lakin Sənin kərəminə baxdıqda ümidlənirəm. Əgər məni əfv edərsənsə, bu Sənin mərhəmətlilərin ən üstünü olduğun üçündür, əgər məni cəzalandırarsansa, haqqımda zülm etmiş olmazsan. Allahım! İstəmədiklərini yerinə yetirməyimə baxmayaraq, məni Səndən hacətimi istəməyə cəsarətləndirən Sənin bəxşiş və kərəmindir. Günah etməkdən çəkinmədiyim halda, çətin anımda dayağım Sənin rəhmət və mehribançılığındır. Günahkar olmağıma baxmayaraq, ümidimi boşa çıxarmayacağına, arzumu gerçəkləşdirəcəyinə ümid edirəm. Ümidimi gerçəkləşdir və duamı qəbul et. Ey dua edilənlərin ən xeyirlisi və ümid edilənlərin ən fəzilətlisi!
Ey Seyidim! Arzum böyük, əməlim isə pisdir. Əfvindən mənə arzumun ölçüsü qədər əta et və pis əməlimə görə məni hesaba çəkmə, çünki Sənin kərəmin günahkarları cəzalandırmaqdan daha üstündür. Helm və səbrin xətakarları cəzalandırmaqdan daha böyükdür. Ey Seyidim! Mən Sənin fəzilətinə pənah aparır, qəzəbindən lütfünə doğru qaçıram. Bağışlamağın haqqında hüsni-zəndə olan şəxs haqqında əfvin mütləq gerçəkləşər.
Ey Rəbbim! Mən kiməm ki, məndən intiqam alasan? Dəyərim nədir ki? Fəzilətinlə məni bağışla, əfvinlə mənə lütf et! Ey Rəbbim! Çirkin əməlimin üstünü ört, Zatının ucalığı xatirinə məni qınamaqdan vaz keç! Əgər bu gün Səndən başqası günahımı bilsəydi, o günahı etməzdim. Əgər günahıma görə dərhal əzaba düçar olacağımdan qorxsaydım, o günahdan çəkinərdim. Bu isə Sənin mənə baxanların ən dəyərsizi və məndən xəbərdar olanların ən önəmsizi olduğun mənasını verməz, əksinə Sən günahları örtənlərin və hökm edənlərin ən xeyirlisi, comərdlərin ən comərdisən, eyibləri örtənsən, qeybi çox-çox bilənsən. İnsanların günahlarını kərəminlə örtər, helminlə cəzalarını gecikdirərsən. Hər şeyi bilməyinə baxmayaraq, helmli olduğun və hər şeyə qadir olduğun halda əfv etdiyin üçün həmd olsun Sənə! Helmin Sənə üsyan etməkdə məni cürətləndirir, qüsurlarımın üstünü örtməyin həyamın azalmasına səbəb olur. Əfvinin böyüklüyü və rəhmətinin genişliyi haqqında olan mərifətim günah etməkdə məni cürətləndirir.
Ey Həlim, ey Kərim, ey Həyy, ey Qəyyum, ey Ğafirəz-zənb (günahı bağışlayan), ey Qabilət-taub (tövbəni qəbul edən), ey bəxşişini böyük və ehsanı əzəli olan! Günahları gözəl şəkildə örtməyin haradadır? Gözəl əfvin haradadır? Yaxın zəfərin haradadır? Təcili pənahın və geniş rəhmətin haradadır? Dəyərli bəxşişlərin, gözəl hədiyyələrin, sonsuz lütflərin, böyük fəzilətin, nemətin və əzəli ehsanın haradadır? Haradadır Sənin kərəmin, ey Kərim? Kərəmin xatirinə, Mühəmməd və Əhli-Beytinin haqqı xatirinə məni qurtuluşa çatdır. Rəhmətin xatirinə məni xilas et! Ey ehsan edən, ey hər şeyi yaxşı görən, ey nemət verən, ey fəzilət bəxş edən! Mən əzabından xilas olmaq üçün əməllərimə deyil, Sənin bizə olan lütf və ehsanına güvənirəm, çünki Sən Əhlut-Təqva (qorxub çəkinməyə layiq olan) və Əhlul-Məğfirəsən (bağışlanmağa layiq olansan)! Öncə nemətlər verərək qullarına ehsan edirsən, sonra kərəminlə günahlarını bağışlayırsan. Bilmirəm hansına şükr edim. Mənə verdiyin gözəl nemətlərəmi? Üzərinə pərdə çəkdiyin pisliklərəmi? Çətin imtahanları mənim üçün asanlaşdırıb onların çoxundan məni zərərsiz xilas etməyinəmi?
Ey Sənə sevgi bəsləyənin dostu, ey Sənə sığınan və hər kəslə olan bağlılığını qırıb yalnız Sənə bağlanan şəxsin gözünün nuru! Sən yaxşılıq edənsən, biz isə pis əməl sahibiyik; elə isə ey Rəbbim, Öz gözəlliyinlə pis tərəflərimizi bağışla! Ey Rəbbim! Sənin lütf və ehsanının əhatə etmədiyi bir cahillik vardırmı? Sənin helm və yumşaqlığını tükəndirən bir zaman vardırmı? Əməllərimizin Sənin nemətlərinin qarşısında bir dəyəri yoxdur. Sənin sonsuz kərəminin qarşısında pis əməllərimizi necə çox saya bilərik? Ey Rəbbim! Sənin sonsuz mərhəmətin günahkarları necə əhatə etməyə bilər? Ey məğfirəti geniş olan, ey rəhmət əli daim açıq olan! Ey Seyidim! Əgər məni qapından uzaqlaşdırsan belə, and olsun izzətinə qətiyyən qapından geri dönməz və Sənə yalvarmaqdan usanmaram, çünki Sənin kərəm və ehsan sahibi olduğunu yaxşı bilirəm. İstədiyini edərsən, istədiyini istədiyin qədər və istədiyin şəkildə cəzalandırarsan, istədiyinə istədiyin qədər və istədiyin şəkildə mərhəmət edərsən. Etdiklərin barəsində heç kim Səni sorğuya çəkə bilməz. Mülkündə heç kəs Sənə etiraz edə bilməz. Əmrində heç kim Sənə şərik ola bilməz. Hökmündə Sənə müxalifət edilə bilməz. Tədbirində heç bir kəs Sənə etiraz edə bilməz. Yaratmaq və əmr vermək Sənə məxsusdur. Aləmlərin Rəbbi olan Allahın şanı ucadır!
Ey Rəbbim! Bu, Sənə doğru yönələn, kərəminə sığınan, ehsanını və nemətlərini tanıyan şəxsin məqamıdır. Sən əfvini günahkarlara çox görməyən, fəziləti əksilməyən və rəhməti azalmayan Cəvadsan! Biz Sənin əzəli əfvinə, böyük fəzilətinə və geniş rəhmətinə güvənirik. Ey Rəbbim! Əcəba, bizimlə Sənə olan ümid və umacağımızın əksinə davranacaqsanmı? Yaxud ümidlərimizi başa çıxaracaqsanmı? Yox! Ey Kərim! Bizim Sənin haqqında belə bir zənnimiz yoxdur və Sənin dərgahına olan ümidimiz bu deyildir.
Ey Rəbbim! Səndən olan arzumuz çoxdur və sonsuzdur. Sənə olan ümidimiz böyükdür. Sənə üsyan etdik, lakin ümid edirik ki, günahlarımızın üstünü örtərsən. Sənə dua etdik, ümid edirik ki, duamızı qəbul edərsən. Ümidimizi həqiqətə çevir, ey bizim Mövlamız! Etdiklərimizin qarşısında nəyə layiq olduğumuzu bilirik. Lakin Sən vəziyyətimizi bilirsən. Biz də bilirik ki, Sən dərgahından bizi əliboş qaytarmazsan. Biz Sənin rəhmətinə layiq olmasaq da, Sən sonsuz lütfünün tələbi olaraq bizə və günahkarlara ehsan etməyə layiqsən. Layiq olduğun şeyə xatir bizə ehsan et və bizə qarşı əliaçıq ol, çünki biz Sənin ətana möhtacıq, ey Ğəffar! Sənin nurunla hidayətə qovuşduq, fəzilətinlə zənginləşdik, nemətinlə sübhə çıxdıq və axşamladıq. Günahlarımızdan xəbərdarsan. Allahım! Səndən bağışlanmaq istəyir və Sənin yoluna qayıdırıq. Sən bizə müxtəlif nemətlər verərək şəfqət göstərirsən, biz isə buna günahla qarşılıq veririk. Sənin xeyirin daima bizə doğru enməkdə, bizim isə şərimiz davamlı olaraq Sənə doğru yüksəlməkdədir. Hər zaman kərim bir mələk çirkin əməlimizi Sənin hüzuruna gətirir. Lakin bu (yəni çirkin əməlimiz), bizə bol-bol zahiri və batini nemətlər verməyinə mane olmur.
Sən hər cür eyib və naqislikdən uzaqsan! Yaratdıqda və təkrarən diriltdikdə helmin, kərəmin və lütfün sonsuzdur. Adların müqəddəsdir, mədhin ucadır! Bütün əsər və nişanələrin gözəldir. İlahım! Sənin lütf və helmin o qədər böyük və çoxdur ki, məni əsla xətalarım və çirkin işlərimlə dəyərləndirə bilməzsən. Ey Seyidim! Ey Seyidim! Ey Seyidim! Məni bağışla, məni bağışla, məni bağışla...
Allahım! Bizi zikrinlə məşğul et, bizə qəzəbindən pənah ver, əzabından xilas et, bizə Evini və Peyğəmbərinin – rəhmətin, məğfirətin və razılığın Onun və Əhli-Beytinin üzərinə olsun! – qəbrini ziyarət etməyi əta et. Həqiqətən, Sən Qəribsən (yaxınsan) və duaları qəbul edənsən! Bizə Sənə itaət etməyi nəsib et və bizi Öz millətin və Peyğəmbərinin – Rəhmətin ona və Əhli-Beytinə olsun! Sünnəsi üzərində öldür.
Allahım! Məni və valideynlərimi bağışla və onlara rəhm et! Kiçik ikən məni onlar böyütdü. Haqqımdakı yaxşılıqlarına qarşılıq onları yaxşılıqla mükafatlandır, pisliyə qarşılıq isə onları bağışla!
Allahım! Mömin kişiləri və qadınları, onların dirilərini və ölülərini bağışla! Bizi yaxşılıqları yerinə yetirməkdə onların davamçısı qərar ver!
Allahım! Dirimizi, ölümüzü, hüzurda olanımızı və olmayanımızı, kişimizi, qadınımızı, kiçiyimizi, böyüyümüzü, azad insanımızı, köləmizi – bir sözlə, hər birimizi bağışla! Allahdan dönənlər yalan dedilər və onlar uzaq bir zəlalətə düçar oldular və açıq-aşkar zərərə düşdülər.
Allahım! Həzrət Mühəmməd və onun Əhli-Beytinə salavat göndər. İşimi xeyirlə sona çatdır. Önəmli dünya və axirət işlərimdə mənə yardımçı ol! Mənə rəhm etməyəni mənə müsəllət etmə! Öz nəzdindən mənə daimi bir qoruyucu nəsib et! Verdiyin gözəl nemətləri əlimdən alma. Öz fəzilətindən mənə bol, halal və təmiz ruzi ver. Allahım! Məni himayənə al, məni hər bəladan qoru və məni Özün himayə et. Bu il və hər il mənə Öz Evinin (Kəbənin), Peyğəmbərinin və imamların – salam olsun onlara! – qəbrini ziyarət etməyi nəsib et! Və məni bu şərafətli ziyarətgahlar və kəramətli yerlərdən kənar etmə!
Allahım! Mənə bir daha günah etməmək şərti ilə tövbə etməyi nəsib et, qəlbimə xeyiri və ona əməl etməyi ilham et. Gecə, gündüz və məni yaşatdığın müddətcə Səndən qorxmağı mənə nəsib et, ey aləmlərin Rəbbi!
Allahım! Nə vaxt Sənə ibadət etməyə hazırlaşdımsa, namaz qılmaq üçün Sənə yönəldimsə, mənə bir dalğınlıq və yuxu verdin, Sənə yalvarış və münacat halını məndən aldın. Allahım! Nə üçün belə bir vəziyyətə düşdüm? Nə vaxt islah olduğumu və tövbə edənlərin məclislərinə qoşulmağa yaxın olduğumu zənn etdimsə, əzmimi qıran və Sənə qulluq etməyə mane olan əhəmiyyətli bir hadisə ilə qarşılaşdım. Ey Seyidim! Yoxsa, məni qapından qovmuş və xidmətindən uzaqlaşdırmısan? Yoxsa, bəlkə, Sənin haqqına səhlənkar yanaşdığımı gördüyün üçün məni Özündən uzaqlaşdırmısan? Olmaya, Səndən üz çevirdiyimi gördüyün üçün mənə qəzəblənmisən? Yoxsa, məni yalançılardan sayıb məni diqqətindən kənarlaşdırmısan? Yoxsa, mənim nemətlərinə şükr etməyən bir qul olduğumu gördüyün üçün məni məhrum etmisən? Olmaya, alimlərin məclisindən uzaq olduğum üçün məni rüsvay etmisən? Yoxsa, məni qafillərin arasında görüb rəhmətindən ümidimi kəsmisən? Bəlkə, başıboş insanların məclislərinə meyil etdiyimi görüb məni onlara dost etmisən? Olmaya, duamı eşitmək istəmədiyin üçün məni dərgahından uzaqlaşdırmısan? Yoxsa, suçuma, günahıma və həya azlığına görə məni cəzalandırmısan? Ey Rəbbim! Əgər məni əfv etsən, Sənə bu yaraşar. Necə ki, məndən əvvəl nə qədər günahkarları Sən bağışladın, çünki ey Rəbbim, lütf və kərəmin günahkar qulları cəzalandırmaqdan daha ucadır. Mən də Sənin fəzilətinə sığınıram, qəzəbindən mərhəmətinə doğru qaçıram. Əfvin haqqında hüsni-zəndə olanları bağışlayacağın bir həqiqətdir.
Allahım! Sənin fəzilət və helmin o qədər böyük və genişdir ki, heç bir zaman məni əməlimə və günahıma görə alçaltmazsan. Ey Seyidim! Mən nəyəm və dəyərim nədir ki?! Ey Seyidim! Fəzilətinlə və əfvinlə məni bağışla, qüsurlarımı ört, zatının əzəməti xatirinə günahımdan keç.
Ey Seyidim! Mən Sənin böyütdüyün kiçiyəm, elm bəxş etdiyin cahiləm, hidayət etdiyin sapqınam, ucaltdığın alçağam, əmniyyət verdiyin qorxağam, doyuzdurduğun acam, su verdiyin susuzam, geyindirdiyin çılpağam, zənginləşdirdiyin fəqirəm, qüvvətləndirdiyin zəifəm, izzət bəxş etdiyin zəliləm, şəfa verdiyin xəstəyəm, əta etdiyin dilənçiyəm, günahını örtdüyün günahkaram, xətası bağışlanan xətakaram, nəslini çoxaltdığın azam, yardım etdiyin binəsibəm, hüzuruna qəbul edilmiş qovulanam.
Ey Rəbbim! Mən gizlində Səndən həya etməyən, açıqda Sənə diqqət etməyən zavallıyam. Mən böyük müsibətlər sahibiyəm. Mən öz Seyidinə qarşı çıxan cürətkaram. Mən səmanın Cəbbarına (güclü Rəbbimə) üsyan edən biriyəm. Mən böyük günah yolunda malını xərcləyən bir şəxsəm. Mən böyük günahlara doğru qaçan bir şəxsəm. Mənə möhlət verdin, özümə gəlmədim. Günahlarımı örtdün, utanmadım, çəkinmədim. Günah etməkdə həddi aşdım. Məni gözündən saldın, yenə özümə gəlmədim. Lakin Sən helminlə mənə möhlət verdin, kərəminlə qüsurlarımı örtdün. Mənimlə elə davrandın ki, sanki günahlarımı heç görmürsən. Məndən günahlarımın əzabını elə uzaqlaşdırdın ki, elə bil ki, məndən utanırsan.
İlahım! Günah etdiyim zaman Sənin rübubiyyətini inkar edərək, Sənin əmrinə yüngül yanaşaraq, əzabına etiraz edərək, təhdidini dəyərsiz sayaraq günah etmədim. Bir səhv idi oldu. Nəfsim onu mənə gözəl göstərdi. Nəfsimin istəkləri mənə hakim oldu, bədbəxtliyim də buna yardımçı oldu. Digər tərəfdən qüsurlarımı örtməyinə aldandım. Beləcə, Sənə üsyan etdim, gücümlə Sənə qarşı müxalifət etdim, Sənin əksinə getdim. İndi Sənin əzabından məni kim xilas edəcək?! Sabah düşmənlərin əlindən məni kim qurtaracaq?! Əgər tutacağım ipi kəsərsənsə, kimin ipindən yapışaram?! Əməl dəftərim açılan gün vay mənim halıma! Əgər kərəminə və geniş rəhmətinə ümid etməsəydim və mənə ümidsizliyi yasaq etməsəydin, etdiklərimi yada saldıqda tamamən ümidsizliyə qapılardım, ey çağırılanların ən xeyirlisi və ümid edilənlərin ən fəzilətlisi!
Allahım! İslama olan bağlılığımla Sənə doğru yönəlirəm (yəni İslamla Sənə təvəssül edirəm), Quranın hörmətinə xatir Sənə etimad edirəm, Ümmi, qüreyşli, Haşimi, Ərəb, tihaməli, məkkəli və mədinəli Peyğəmbərə olan məhəbbətim xatirinə Sənə yaxınlaşmağı ümid edirəm. Belə olan halda mənim imanla olan mehribançılığımı yadlaşdırma. Mükafatımı Səndən başqasına ibadət edən şəxsin mükafatı kimi etmə, çünki bir qrup insan qanlarının tökülməsinin qarşısını almaq üçün dilləri ilə iman gətirdi və arzu etdiklərinə qovuşdu. Biz isə bizi bağışlayasan deyə Sənə dilimiz və qəlbimiz ilə iman gətirdik. Elə isə bizi də arzularımıza çatdır, qəlbimizdə Sənə olan ümidi möhkəmləndir, bizi hidayət etdikdən sonra qəlbimizi sapdırma və bizə nəzdindən bir rəhmət əta et! Həqiqətən, Sən Vəhhabsan! And olsun izzətinə! Qəlbimə ilham olunan bilgiyə dayanaraq Sənin kərəm və geniş rəhmət sahibi olduğunu bildiyim üçün məni qovsan belə qapından ayrılmaram və Sənə yalvarmaqdan çəkinmərəm. Qul Mövlasından başqa kimin qapısına gedə bilər ki?! Məxluq Xaliqindən başqa kimə sığına bilər ki?!
İlahım, (qiyamət günü) məni qaytanlarla bağlayıb insanların arasında ehsanını məndən kəssən, insanların gözlərini qüsurlarımı görməyə açsan, atəşə atılmağıma əmr etsən və mənimlə xeyirxah qulların arasında ayrılıq yaratsan, yenə də Səndən ümidimi kəsmərəm, əfvinə olan ümidimdən əlimi üzmərəm. Sənin sevgin və məhəbbətin heç bir zaman qəlbimdən çıxmaz. Mən heç bir zaman verdiyin nemət və ehsanlarını və dünyada qüsurlarımı örtməyini unutmaram. Ey Seyidim! Dünya sevgisini qəlbimdən çıxart. Məni seçilmişin bəndən və peyğəmbərlərin (nəbilərin) sonuncusu Həzrət Mühəmməd və Əhli-Beyti ilə bir araya gətir. Məni tövbə əhli və həqiqətən, Sənə doğru yönələnlərin məqamına qovuşdur! Öz halıma ağlamaqda məni müvəffəq et! Doğrudan da, ömrümü boş şeylər və boş arzularla məhv etdim. Nəfsimin xeyirindən ümid kəsənlərin məqamına düşdüm. Bu vəziyyətimlə qəbrimə qoyulmuş olsam, halı məndən pis olan kim ola bilər?! Oranı rahat qala biləcəyim bir yer kimi hazırlamamışam, saleh əməl ilə orada yatmaq üçün ora bir şey sərməmişəm. Necə ağlamayım?! Halbuki gedişatımın hara varacağını bilmirəm, nəfsimin məni aldatdığını, günlərimin məni yanıltdığını və ölümün (qartal kimi) başımın üzərində qanad çaldığını görürəm. Elə isə nə üçün ağlamayım?! Canımın çıxdığı ana ağlayıram! Qəbrimin qaranlığına ağlayıram. Məzarımın darlığına ağlayıram! Münkər və Nəkir mələklərin məni sorğuya çəkəcəkləri anı düşünüb ağlayıram! Qəbrimdən çılpaq, zəlil və etdiklərimin ağır yükünü çiynimdə daşıdığım bir vəziyyətdə çıxacağım məqama ağlayıram! O gün (çaşqınlıq içərisində) bəzən sağıma, bəzən də soluma baxacam. O gün hər bir kəs öz işi ilə məşğul olacaqdır. O gün hər bir kəsin özünə kifayət edəcək bir işi vardır. Necə üzlər o gün par-par parıldayacaq, güləcək və sevinəcəkdir. Necə üzlər o gün toz-torpağa bulaşacaq, üzərlərinə bir qaranlıq çökəcək və onları zillət haqlayacaqdır.
Ey Seyidim! Sənə güvənirəm, Sənə etimad edirəm, Sənə ümid edirəm və Sənə təvəkkül edirəm. İstədiyini rəhmətinə çatdırarsan və sevdiyin şəxsi kəramətinlə hidayət edərsən. Qəlbimi şirkdən təmizlədiyin üçün Sənə həmd olsun, dilimi Səni zikr etməyə açdığın üçün Sənə həmd olsun! Bu qüsurlu dilimlə Sənə şükr edə bilərəmmi? Nə qədər gözəl işlər görməyə çalışsam da, Sənin razılığını qazana bilərəmmi? Ey Rəbbim! Şükrünün qarşısında dilimin qiyməti nədir ki? Ehsan və nemətlərinin qarşısında əməlimin dəyəri nədir ki?
İlahım! Bəxşiş və kərəmin məni ümidləndirmişdir, lütf və kərəmin əməlimin qəbul olmasına səbəb olmuşdur. Ey Seyidim! İstəyim də Səndəndir, qorxum da Səndəndir və elə ümidim də Sənədir! Ümidim və arzum məni Sənin hüzuruna gətirmişdir. Ey yeganə Mövlam! Niyyətimi və iradəmi Sənə bağladım, Sənin nəzdində olana doğru yönəlmişəm. Ən səmimi ümidim Sənədir və ən gerçək qorxum Səndəndir. Sevgim və məhəbbətim Səninlə tanışdır. Əlim Sənə doğru uzanmışdır və qorxum Sənə itaət ipinə bağlanmışdır. Qəlbim Səni xatırlamaqla dirilmişdir, Sənə minacat etməklə qorxunun əzabını özümdən uzaqlaşdırmışam. Ey Mövlam, ey ümidim və ey son istəyim! Mənimlə daima Sənə itaət etməyimə mane olan günahlarımı ayır. Daim Sənə olan ümidim və üzərinə vacib etdiyin şəfqət və rəhmətinə olan böyük ehtirasıma görə hacətimi Səndən istəyirəm. Əmr Sənindir, Sən təksən və Sənin şərikin yoxdur! Məxluqatın hamısı Sənin ailə fərdlərindir və Sənin ovucunun içindədir. Hər şey Sənin qarşında boyun əyməkdədir. Çox böyüksən, ey aləmlərin Rəbbi! İlahım! Dəlilim kəsildiyi, dilim Sənə cavab verməkdən aciz qaldığı və məni sorğuya çəkdikdə ağlımın qarışdığı gün (qiyamət günü) mənə rəhm et! Ey böyük ümidim! Ən çox möhtac olduğum zaman (qiyamət günündə) məni kərəmindən məhrum etmə, cahilliyimə görə məni hüzurundan qovma, səbrimin azlığına görə lütfünü məndən kəsmə, fəqir olduğum üçün mənə ehsan əta et, gücsüz olduğum üçün mənə rəhm et!
Ey mənim Seyidim! Sənə ümid edir, Sənə güvənir, Sənə ümid edir, Sənə təvəkkül edir və Sənin rəhmətinə bağlanıram. Ehtiyac yükümü Sənin qapına qoyuram. Sənin səxavətini nəzərə alaraq istəyimi Sənə bildirirəm. Ey Rəbbim! Kərəminə ümid edərək Sənə dua etməyə başlayıram. Ehtiyacımın təmin olunmasını Sənin nəzdindən umuram. Fəqirliyimi Sənin zənginliyinlə aradan qaldırmaq istəyirəm. Sənin əfvinin kölgəsi altında ayaqüstə durmuşam. Sənin səxavətinə, kərəminə göz dikmişəm və həmişə Sənin ehsanına ümid etmişəm. Mənim ümidim olduğun halda, məni atəşdə yandırma, gözümün işığı olduğun halda, məni Cəhənnəmdə yerləşdirmə! Ey Seyidim, ehsanına olan hüsni-zənnimi boşa çıxarma, həqiqətən, etimad edə biləcəyim tək sığınacaq yerim Sənsən! Mənim fəqir olduğumu (Sənin lütfünə möhtac olduğumu) çox yaxşı bildiyin halda nəzdindəki savabdan məni məhrum etmə!
İlahım! Əcəlim yaxınlaşıb, əməlim məni Sənə yaxınlaşdırmamışdırsa, günahımı Sənin qarşında etiraf etməyi dərgahında üzr vasitələri olaraq qərarlaşdırıram.
İlahım! Əgər bağışlayarsansa, bağışlamağa Səndən daha layiq kim var? Əgər əzab verərsənsə, hökm verməkdə Səndən ədalətli olan kim var? Bu dünyada qəribliyimə, ölüm anında kədərimə, qəbirdə yalqızlığıma və ləhddə tənhalığıma mərhəmət et! Hesabat vermək üçün hüzuruna çıxdıqda zəlilliyimə acı. İnsanların bilmədiyi günahlarımı bağışla. Hər zaman qüsürlarımı ört. Ölüm döşəyinə düşdükdə, dostlar başıma toplaşıb məni sağa-sola hərəkət etdirdikdə mənə mərhəmət et. Cənazə qüslu üçün yatızdırılıb saleh qonşularım tərəfindən sağa-sola çevrilərkən mənə lütf et. Cənazəm qohumlarım tərəfindən daşındıqda mənə mərhəmət et. Bu dünyadan ayrıldıqda və Sənin hüzuruna varmaq üçün təkbaşına qəbrə qoyulduqda mənə ehsan et. Yəni evimdə (qəbirdə) qəribliyimə (yalqızlığıma) acı ki, ta Səndən başqasına könül bağlamayım.
Ey Seyidim! Məni təkbaşına buraxsan, həlak olaram. Ey Seyidim! Xətalarımı bağışlamasan, kimə sığına bilərəm?! Ölüm döşəyində Sənin inayətini və lütfünü itirdiyim bir halda kimə yalvara bilərəm?! Kədərimi aparmazsansa, kimə pənah apara bilərəm?! Ey Seyidim! Səndən başqa heç kimim yoxdur. Əgər Sən mənə mərhəmət etməzsən, kim mənə mərhəmət edər?! Yoxsulluq günümdə Sənin fəzilət və ehsanın öz əhatəsinə almazsa, kimin fəzilət və ehsanına ümid edə bilərəm?! Əcəlim çatdıqda günahlarımın bağışlanması üçün hansı qapını döyə bilərəm?! İlahım! İstəyimi həyata keçirt, qorxumu əmin-amanlığa çevir. Həqiqətən, günahımın çoxluğuna görə Sənin əfvindən başqa heç bir şeyə ümid etmirəm.
Ey Seyidim! Layiq olmadığım şeyi Səndən istəyirəm. Sən qorxub çəkinməyə və bağışlanmağa layiq olansan! Elə isə məni bağışla. Lütfündən mənə pis yönlərimi örtəcək bir paltar geyindir. Xətalarımı bir daha hesaba çəkilməməklə bağışla. Şübhəsiz, Sənin ehsanın qədimdir, əfvin böyükdür və böyüklüyünlə qullarının xətalarından keçərsən.
İlahım! Sən elə bir kərim Allahsan ki, ehsanın istəməyənlərə və hətta rübubiyyətini inkar edənlərə belə daima çatır. Elə isə, ey Seyidim! Hacətini Səndən istəyəni və yaradılışın və əmrin Sənə məxsus olduğuna yəqinliklə inananı qapından necə boş qaytararsan?! Bərəkət Səndəndir, Sən ucasan, ey aləmlərin Rəbbi!
Ey Seyidim! Aciz qulun Sənin qapına gəlmişdir. Ehtiyac onu Sənin hüzuruna gətirmişdir. Dua etməklə Sənin ehsan qapını döyürəm. Kərim Zatın xatirinə məndən üz çevirmə. Dediklərimi qəbul et. Səni bu dua ilə çağırıram və ümid edirəm ki, Sənin çox şəfqət və rəhmət sahibi olduğunu bildiyimə görə məni rədd etməyəcəksən.
Ey İlahım! Sən hacətini istəyənə ehsan etməkdən yorulmayan bir Kərimsən və bu, Səndən bir şey əksiltməz. Sən Özün vəsf etdiyin kimisən və bizim vəsfimizin fövqündəsən!
Allahım! Səndən gözəl səbir, yaxın qurtuluş, doğru danışan dil və böyük mükafat istəyirəm. Ey Rəbbim! Bildiyim və bilmədiyim bütün xeyirləri Səndən istəyirəm. Allahım! Səndən saleh qullarının istədikləri şeylərin ən xeyirlisini istəyirəm. Ey əl açılanların ən xeyirlisi və ey əta edənlərin ən səxavətlisi! Özüm, ailəm, anam, atam, övladlarım, yaxınlarım və din qardaşlarımla əlaqədar istəklərimi həyata keçir. Yaşayışımı gözəlləşdir. Məndə igidlik sifətini təzahür etdir. Bütün hallarımı islah et, düzəlt. Məni ömrünü uzatdığın, əməlini gözəlləşdirdiyin, üzərində nemətini tamamladığın, ondan razı olduğun və başdan-başa xoşbəxtlik, kəramət (əzizlik) və rahatlıq dolu təmiz bir həyatla yaşatdığın şəxslərdən qərar ver. Həqiqətən, Sən istədiyini edənsən! Səndən başqası hər istədiyini edə bilməz. Allahım! Məni Öz tərəfindən xüsusi bir şəkildə xatırlanmağa layiq et! Gecələr və gündüzlər Sənə yaxın olmaq üçün yerinə yetirdiyim əməlləri riya, göstəriş və eşidilib mədh olunma ehtirasından uzaq tut. Məni Sənin qarşında itaətlə əyilən qullarından et!
Allahım! Ruzimi bol, vətənimi təhlükəsiz, əhli-əyalımı və malımı mənim üçün göz aydınlığı və sevinc vəsiləsi et! Mənə verdiyin nemətləri əlimdən alma. Cismimə sağlamlıq və bədənimə güc və dinimə salamatlıq ver! Məni yaşatdığın müddət ərzində Öz itaətində və elçin Mühəmmədin – Allahın rəhməti ona və ailəsinə olsun! – itaətində müvəffəq et! Məni Öz nəzdindən endirdiyin hər növ xeyir və bərəkətdən artıqlaması ilə nəsibini alan qullarından qərar ver. Məni ramazan ayında Qədr gecəsində endirdiyin xeyir və bərəkətdən ən çox nəsibini alan qullarından qərar ver. Hər il qullarına endirdiyin rəhmət və geyindirdyin afiyət paltarından mənə də nəsib et. Məni üzərindən bəlaları qaldırdığın, gözəl əməllərini qəbul etdiyin və çirkinliklərinə göz yumduğun qullarından qərar ver. Bu ilimdə və hər il mənə Beytülhəramının ziyarətini nəsib et. Və geniş fəzilətindən mənə bol ruzi ver.
Ey Seyidim! Bütün çirkinlikləri məndən uzaqlaşdır. Əziyyət çəkməməyim üçün borcumu və üzərimdə olan qul haqlarını əda et. Mənə zülm etmək istəyənlərin, düşmənlərimin və mənə həsəd edənlərin gözlərini və qulaqlarını məndən uzaqlaşdır. Məni onlara qalib et. Gözümü işıqlı və qəlbimi xoşbəxt qərar ver. Hüzn və kədərimi rahatlığa çevir. Məxluqatından mənə pislik etmək istəyənləri mənim qarşımda zəlil et. Məni Şeytanın, sultanın (zalım rəhbərin) və çirkin əməllərimin şərindən qoru. Məni bütün günahlardan təmizlə. Əfvinlə məni Cəhənnəm atəşindən xilas et, rəhmətinlə məni Cənnətə daxil et, fəzilətinlə məni Cənnət huriləri ilə evləndir və məni saleh övliyaların Həzrət Mühəmməd və onun xeyirxah, təmiz, pak və seçilmiş Əhli-Beytinə – Sənin rəhmətin və bərəkətin onlara və onların cəsədlərinə və ruhlarına olsun! – birləşdir.
Ey İlahım və Seyidim! And olsun izzət və calalına! Əgər məni günahlarıma görə hesaba çəkərsənsə, mən də Sənin əfvini tələb edərəm, əgər məni xəsisliyimə görə hesaba çəkərsənsə, mən də Sənin kərəmini (mərhəmət və əfvini) tələb edərəm. Əgər məni atəşə atarsansa, mən yenə Cəhənnəm əhlinə Səni sevdiyimi deyərəm.
Ey İlahım və Seyidim! Əgər yalnız övliyalarını və Sənə itaətkar olanları bağışlayarsansa, onda günahkarlar kimə sığınsınlar?! Yalnız Sənə qarşı vəfalı olanları əziz tutacaqsansa, bəs xəta edənlər kimə sığınsınlar?!
Ey İlahım! Əgər məni Cəhənnəmə daxil etsən, buna düşmənin (Şeytan) sevinər. Əgər məni Cənnətə daxil etsən, onda Peyğəmbərin sevinər. And olsun Allaha, mən bilirəm ki, Sən Peyğəmbərinin sevinməsini düşməninin sevinməsindən daha çox istəyərsən.
Allahım! İstəyirəm ki, qəlbimi Sənə sevgi, ilahi qorxu, kitabını təsdiq, Sənə iman və Sənə qovuşma sevinci ilə doldurasan, ey calal və ikram sahibi! Sənə qovuşmağı mənə sevdir və mənim də Sənə qovuşmağımı Özünə sevdir. Sənə qovuşduqda mənə rahatlıq, qurtuluş, zəfər və kəramət nəsib et.
Allahım! Məni keçmiş salehlərlə birləşdir və qalan salehlərdən qərar ver. Salehlərin yolu ilə getməyi mənə nəsib et. Salehlərə öz nəfslərinə qalib gəlməkdə yardım etdiyin kimi mənə də nəfsimə qalib gəlməkdə yardımçı ol! Əməlimi ən gözəl şəkildə sona çatdır. Rəhmətinlə əməlimin mükafatını Cənnət qərar ver. Məni mənə verdiyin şeylərdən razı olduğun şəkildə yararlanmaqda müvəffəq et. Məni dində sabitqədəm et, ey Rəbbim! Məni xilas etdiyin çirkinliyə bir daha qaytarma, ey aləmlərin Rəbbi!
Allahım! Səndən yalnız Sənə qovuşmaqla nəticələnən bir iman gücü istəyirəm. Məni yaşatdığın müddətcə belə bir imanla yaşat, belə bir imanla öldür və qəbrimdən belə bir imanla qaldır. Əməlimdə ixlaslı ola bilmək üçün qəlbimi dinində riyadan, şübhədən və eşidilib mədh olunma ehtirasından uzaq tut.
Allahım! Mənə dinini qavrama, hökmünü və elmini anlama qabiliyyəti, rəhmətindən iki qanad (dünya və axirət mükafatı) və günahlardan çəkinmə gücü ver. Nurunla üzümü ağ et, məni nəzdində olan istəkli qərar ver. Məni Öz yolunda və Rəsulunun – Allahın rəhməti ona və ailəsinə olsun! – milləti üzərində öldür.
Allahım! Tənbəllikdən, uğursuzluqdan, hüzndən, qorxudan, paxıllıqdan, qəflətdən, mərhəmətsizlikdən, zillətdən, düşkünlükdən, yoxsulluqdan, hər cür bəladan, gizli və açıq çirkinliklərdən uzaqlaşaraq Sənə sığınıram. Qane olmayan nəfsdən, doymayan qarından, sayğılı olmayan qəlbdən, qəbul olunmayan duadan və faydası olmayan əməldən Sənə sığınıram. Ey Rəbbim! Nəfsim, dinim, malım və mənə əta etdiyin bütün nemətlər barəsində qovulmuş Şeytandan Sənə sığınıram. Həqiqətən, Sən Səmisən (Eşidənsən), Əlimsən (hər şeyi Bilənsən)!
Allahım! Sənin əzabından heç bir kəs məni xilas edə bilməz. Səndən başqa bir pənahgah da tapa bilmərəm. Ümid yerim yalnız Sənsən. Bu vəziyyətdə məni əzabının heç bir növünə düçar etmə. Məni həlakətə və şiddətli əzablara doğru sürükləmə.
Allahım! (Əməllərimi) məndən qəbul et. Adımı, şanımı ucalt. Günahlarımı tök. Məni xətalarımla yada salma. Məclisimin, söhbətimin, duamın savabını razılığın və Cənnətin qərar ver. Ey Rəbbim! Səndən istədiklərimin hamısını ver. Mənə olan fəzilət və lütfünü artır. Mən Səni arzulayıram, ey aləmlərin Rəbbi!
Allahım! Sən Öz kitabında nazil etmisən ki, biz bizlərə zülm edən şəxsi bağışlayaq. Biz artıq özümüzə zülm etmişik, bizi bağışla! Həqiqətən, Sən buna bizdən daha layiqsən. Sən bizə əmr etdin ki, dilənçini qapımızdan qovmayaq. Mən də bir dilənçi olaraq qapına gəldim, istədiyimi vermədən məni geri qaytarma. Bizə öz qullarımıza yaxşılıq etməyə əmr etdin. Biz də Sənin qullarınıq, bizi Cəhənnəm atəşindən xilas et. Ey kədərli anımda sığındığım! Ey çətin anlarımda əlimdən tutan! Pənahım Sənsən, Səndən yardım diləyirəm, Səndən başqasına sığınmıram, Səndən başqasından qurtuluş ummuram. O halda mənə yardımçı ol və mənə zəfər bəxş et. Ey əsirləri azad edən və ey çox günahları bağışlayan! Az itaətimi qəbul et, çox günahlarımı bağışla. Həqiqətən, Sən Rəhimsən, Ğəfursan! Allahım! Səndən qəlbimi onunla məşğul edəcəyin bir iman, mənim üçün yazdıqlarından başqa heç bir şeyin baş verməyəcəyini bilməyimə səbəb olacaq doğru bir yəqinlik istəyirəm. Mənə verdiyin, bəxş etdiyin hər şey barəsində məni razı et, ey rəhmkarların ən rəhimlisi!”

 


Mütərcim: Xəyyam Qurbanzadə

 

 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: Əbu Həmzə Somali duasının tərcüməsi

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات