پنج شنبه 9 فروردین 1403

14 August 2023

Trampa etiraz olaraq müsəlmanlar Nyu Yorkda vəhdət namazı qıldı

Trampa etiraz olaraq müsəlmanlar Nyu Yorkda vəhdət namazı qıldı


Nyu Yorkdakı yəmənli sahibkarlar ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə gəlməsinə tətbiq etdiyi qadağanı və qaçqınlarla bağlı prezident fərmanlarına etiraz etmək üçün dükanlarını bağlayıb mitinq keçiriblər.

 Dəyərlər saytı xəbər verir ki, mitinqə qatılan minlərlə insan Bruklin bələdiyyəsinin binası qarşısında axşam namazlarını qılıblar. Xəlil Qibran Beynəlxalq Akademiyasının qurucusu yəmənli fəal doktor Dəbbiə Əlmüntəzirin təşkilatçılığı ilə keçirilən mitinqdə, təxminən min nəfər iştirak edib.

Demokrat partiyadan olan Bruklinin bələdiyyə sədri Erik Adams mitinq iştirakçılarına belə müraciət edib: "Bu gün təkcə rayon bələdiyyə sədri deyiləm. Bu gün müsəlmanam, iraqlıyam, iranlıyam, sudanlıyam, liviyalılaym, somaliliyəm və suriyalıyam. Bu gün bizim günümüzdür. Etiraz və namaz üçün buradayıq".

Adams daha sonra mitinq iştirakçılarına müraciətində "Hamımız müsəlmanıq" şüarını səsləndirib.

Mitinqə Nyu York şəhər şurasının sədri Melissa Mark-Viverito, Nyu York bələdiyyəsinin ictimai vəkili Letitia Ceyms, Nyu Yorkun maliyyə məsələləri üzrə koordinatoru Skot M. Stringer və Manhettan bələdiyyəsinin sədri Qeyd Brever də iştirak edib.

Nümayişçilər, "Hamı üçün azadlıq və ədalət", "Düşmənçilik bizi heç vaxt böyük göstərməz", "Düşmənçiliyə yox, qorxuya yox, qadağaya yox", "ABŞ hər kəs üçün", "Nə istəyirsən? Ədalət! Bəs nə vaxt? İndi!" şüarları səsləndiriblər.

Mitinqin təşkilatçısı doktor Dəbbiə Əlmüntəzir nümayişçilər qarşısında belə danışıb: "Bu gün buraya Donald Trampın və rəhbərliyin amerikalıları parçalamasına icazə verməyəcəyik, din azadlığı və hüquqlarımız uğrunda mübarizə edəcəyimizi söyləmək üçün gəlmişik".