پنج شنبه 30 فروردین 1403

14 August 2023

DQİDK sədri: “Xaricdə terrorçuluqla məşğul olan vətəndaşlar Azərbaycana buraxılmayacaq”

DQİDK sədri: “Xaricdə terrorçuluqla məşğul olan vətəndaşlar Azərbaycana buraxılmayacaq”


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak edən şəxslərin vətəndaşlığının itirilməsi ilə bağlı icraata başlanılmasına münasibət bildirib.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, M. Qurbanlı deyib ki, "Dini ekstremizm haqqında" qanuna və referendumda Konstitusiyaya edilən düzəlişlərə əsasən, Azərbaycandan kənarda qeyri-qanuni silahlı birləşmələrə, terror qruplarında iştirak edən şəxslərin ölkəyə girişi qadağan edilib.

Dövlət Komitəsinin sədri bildirib ki, həmin şəxslər avtomatik vətəndaşlığı itirmiş sayılırlar: "Əgər bir adam öz ölkəsi yox, xaricdə hansısa qeyri-qanuni silahlı dəstədə iştirak edirsə, terrorla məşğul olursa, cinayətlər törədirsə, həmin adam ölkəyə buraxılmır. Bu da qanuni bir addımdır".

Qeyd edək ki, 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib.